er'/>

6 Şubat 2017 Pazartesi

Ürək necə işləyir?


Ürək ortalama dəqiqədə 70, bir gündə 100min, bir ildə 37milyon dəfə yığılır. Ortalama ömrü 70 il olan insanın ürəyi ömrü boyu 2 milyard 590 milyon dəfə döyünür.
Ürəyin anatomiyası
Ürək sağda və solda
   
bir qulaqcıq(atrium) və bir mədəcik(ventricul) olmaqla 4 hissədən ibarətdir. Sağ qulaqcıq və mədəcik arasında üçtaylı qapaq, sol qulaqcıq və mədəcik arasında isə ikitaylı qapaq yerləşir və qan hər zaman qulaqcıqlardan mədəciklərə doğru hərəkət edir. Ürəyin sağ və sol yarısı arasında normal fizioloji halda əlaqə yoxdur və qan qarışmır. Ürəyin sağ yarısında venoz( CO2-lə zəngin), sol yarısında isə arterial(O2-lə zəngin) qan dövr edir.

Qan-damar sistemi
Ürək qan-damar sisteminin başlıca orqanıdır və qanın toxumalara daşınaraq orqanizimin həyat qabiliyyətini saxlamasını təmin edir. Orqanizmin qan dövranı 2 yerə bölünür:
Ø Böyük qan dövranı
Ø Kiçik qan dövranı
·        Böyük qan dövranı ürəyin sol mədəciyindən Aorta ilə başlanır. Aorta orqanizmin ən iri arterial qan daşıyan damarıdır. Aortadan qan daha kiçik arterialara bölünərək bütün orqanizmi oksigenlə təmin edir. Arteriyalar son nəticədə arteriollara onlar isə orqanizmin ən kiçik diametrli damarları olan kapilyarlara keçir. Kapilyarlarda qanın hərəkət sürəti 1-2mm/san olduğu üçün burada maddələr mübadiləsi baş verir və arterial qan öz oksigenini toxumalara verərək karbon qazını qəbul edir, nəticədə venoz qana çevrilir. Venoz qan kapilyarlardan venulalara oradan isə daha böyük vena damarlarına tökülür. Nəticədə venoz qan daşıyan yuxarı və aşağı boş vena damarları formalaşaraq ürəyin sağ qulaqcığına açılır. Beləliklə böyük qan dövranı başa çatır.
·        Kiçik qan dövranı ürəyin sağ mədəciyindən ağciyər kötüyü adlı damarla başlanır. Ağciyər kötüyü sağ və sol ağciyər arteriyalarına  bölünür( ürəkdən çıxan damarlar arteriyalar adlanır, ancaq ağciyər arteriyaları arterial deyil venoz qan daşıyır). Ağciyər arteriyaları vasitəsilə qan ağciyərlərə gətirilir. Ağciyərlər kiçik hava qovuqcuqları-alveollardan təşkil olunmuşdur. Venoz qan alveolların divarlarındaki kapilyarlara daxil olur və alveol boşluğundan diffuziya yolu ilə karbon qazını verib oksigeni alaraq yenidən arterial qana çevrilir. Bundan sonra venalara toplanaraq sağ və sol ağciyər venalarını formalaşdırır( ürəyə gələn damarlar vena adlansa da, ağciyər venalarında arterial qan daşınır).  4 ağciyər venası ürəyin sol qulaqcığına açılır və kiçik qan dövranı başa çatır.

Ürəyin fiziologiyası
Ürək 3 tip əzələdən təşkil olunmuşdur:
  Ø Qulaqcıq əzələsi
  Ø Mədəcik əzələsi
  Ø İxtisaslaşmış oyadıcı və ötürücü əzələ
Qulaqcıq və mədəcik əzələləri eninəzolaqlı iradi əzələlərə oxşardır, ancaq əzələnin yığılma müddətinin daha uzun olmasına görə seçilir. İxtisaslaşmış oyadıcı və ötürücü əzələ isə elektrik impulsları vasitəsilə ürəyin ritmiki yığılmasında iştirak edir.

Ürəyin ritmik yığılmalarının tənzimi
         
Ürək simpatik və parasimpatik sinir lifləri ilə təchiz olunmuşdur. Simpatik liflər döş qəfəsini düyünlərindən ayrılır. Parasimpatik olaraq isə Azan sinir( nervus Vagus) vasitəsilə innervasiya olunur. Bundan başqa ürəyin özünəməxsus oyanıcılıq və ötürücülük sistemi vardır. Ürəkdə yığılmaların tənzimində 2 düyün və onlardan çıxan liflər mühüm  rol oynayır:
  Ø Sinus düyün və ya sinoatrial düyün
  Ø Atrioventrikulyar düyün
·          
Sinus düyünü sağ qulaqcığın yuxarı, arxa, kənar divarında yerləşir və 3 mm eni, 15 mm uzunluğu və 1 mm qalınlığı vardır. Ürəyə gələn sinirlərin zədələnməsi baş verdikdə belə sinus düyünü oyanıcılıq qabiliyyətinə malik olduğu üçün elektrik impulslarının yaranmasına və ürəyin yığılmasının davam etməsinə xidmət edir və daimi elektrik impulsları göndərərək ürəyin dəqiqədə 70-80 dəfə yığılmasını təmin edir. Burada yaranan impulslar liflər vasitəsilə atrioventrikulyar düyünə ötürülür.
·        Atrioventrikulyar düyün qulaqcıq və mədəciklərin sərhəddində yerləşir. Bu düyündə sinus düyünündən fərqli olaraq mədəciklərin yığılmasının daha yavaş baş verməsi təmin edilir. A-V düyündən çıxan liflər mədəciklərarası arakəsmə ilə ürəyin zirvəsinə qədər gedir. Sağa və sola ayrılaraq mədəcik əzələlərinə daxil olur. Sinus və A-V düyün arasında əlaqə kəsilərsə, A-V düyün ritmiki olaraq dəqiqədə 40-60 dəfə yığılır. A-V düyündən başlanan Purkinye lifləri də mədəcik əzələsinin yığılmasında iştirak edir və sərbəst olaraq dəqiqədə 15-40 impuls yaratmaq qabiliyyətinə malikdirlər.

Ürək tsikli

Ürəyin yığılmasının başlanmasından növbəti dəfə təkrar yığılmanın başlanmasına qədər keçən müddət bir tsikl adlanır. Tsiklin başlanmasında yuxarıda qeyd olunan sinus düyünü mühüm rol oynayır. Liflər vasitəsilə Atrioventrikulyar düyünə və ordan çıxan liflər vasitəsilə yayılaraq ürəyin yığılmasını təmin edirlər. Ürək tsikli sistola və diastola fazalarından ibarətdir.

Diastola fazasında olan ürəyin qulaqcıq və ya mədəciyinin əzələsi boşalmış formada olur və boşluq qan ilə dolur. Sistola fazasında ürək əzələlərinin aktiv yığılması nəticəsində boşluqdaki qan növbəti hissəyə ötürülür. Ürəyi 1 dəqiqə ərzində 75 dəfə döyünən insanın bir ürək tsikli 0,8 saniyədə baş verir. Əgər 1 dəqiqə ərzində yığılmalarının sayı artarsa bu zaman 1 tsikl üçün sərf olunan vaxt da müvafiq olaraq azalır. Bu azalma isə ürəyin diastola fazasının qısalması hesabına əldə edilir. Normal halda bir tsiklik 0,4 saniyəsinə bərabər olan diastola müddəti taxikardiya( ürək döyüntülərinin sayının artması) zamanı 0,15-ə qədər azalır. Bu zaman isə qulaqcıq və mədəciklər qanla tam dolmur. Nəticədə qan-damar dövranında pozğunluq yaranır.

 Qulaqcıq və mədəciklərin sistola, diastola fazaları eyni anda deyil, ardıcıl olaraq baş verir. Qulaqcıqlar sistola fazasında olduğu zaman boşluğundaki qanı yığılaraq mədəciklərə ötürür. Bu zaman qulaqcıq-mədəciklər arası qapaqlar açıq formada olur( sağda üçtaylı, solda ikitaylı qapaq). Qulaqcıqların sistolası normal ürək tsiklində 0,1 saniyə qədər davam edir. Mədəciklər qanla dolduğu zaman onlarda sistola başlayır. Bu zaman qulaqcıq-mədəcik arası qapaqlar bağlanır. Əgər qapaqlar açıq qalarsa bu zaman qan damarlara deyil, yenidən qulaqcıqlara qayıdardı. Mədəciklərin sistolası nəticəsində qan sol mədəcikdən aortaya, sağ mədəcikdən ağciyər kötüyünə qovulur. Mədəciklərin sistolası 0,3 saniyə davam edir. Bundan sonra isə ümumi diastola fazası başlanır ki bu da 0,4 saniyə davam edir. Normalda bir çoxunun bildiyinin əksinə olaraq “ürəyin istirahəti” 1 tsiklin yarısı qədər deyil. Qulaqcıqlar sistolaya 0,1 saniyə sərf edir və mədəcik sistolası zamanı diastola da olur. Deməli, qulaqcıqların diastolası 1 tsikl zamanı 0,7 saniyə davam edir. Eləcə də mədəciklər qulaqcıqların sistolası zamanı diastola fazasında olduğundan onların 0,8 saniyəlik tsikl zamanı diastola müddəti 0,5 saniyə davam edir.

Hiç yorum yok:

Yorum Gönder